Radiometeoroloji Müşahidələr

METEOROLOJİ RADİOLOKATOR «MRL-5» tipli radiolokatorla 250km-ə qədər məsafədə baş verən hidrometeoroloji proseslər və onlarla əlaqədar olan təhlükəli hidrometeoroloji hadisələr, müxtəlif hündürlüklərdə yağıntının intensivliyi və miqdarı, yağış yağan və şimşək çaxan ərazilər, dolunun ölçüləri və dolu yağan ərazilər müəyyən edilir.

AZƏRBAYCANDA RADİMETEOROLOJİ MÜŞAHİDƏLƏRİN TARİXİ

Azərbaycanda radiometeoroloji müşahidələr: hidrometeoroloji proseslərin və təhlükəli hidrometeoroloji hadisələrin (dolu, şimşək, leysan və s.) müşahidələri demək olar ki, 1967-ci ildən Azərbaycan Respublikasının Dağlıq-Qarabağ Muxtar Vilayətində doluya qarşı mübarizə işlərinin aparılması ilə başlanmışdır.

Növbəti 1968-ci ildə Şamaxı Dəsdəsi, 1972-ci ildə Göygöl, 1973-cü ildə Naxçıvan, 1974-cü ildə Füzuli, 1975-ci ildə Qazax-Tovuz, 1980-ci ildə Ağdərə, 1981-ci ildə İsmayıllı, 1982-ci ildə Zəngilan, 1984-cü ildə Tovuz, Şəki və Culfa-Ordubad, 1987-ci ildə Şaumyankənd Dəsdələri yaradılmışdır.

İlk illərdə bu məqsədlə hərbi təyinatlı (“DON”, “SON” və s.) radiolokatorlardan istifadə edilirdi.

1970-ci ildən başlayaraq sırf meteoroloji müşahidə təyinatlı birdalğalı (3,2 sm) “MRL-1” və “MRL-2” tipli, 1977-ci ildən isə ikidalğalı (3,2 sm və 10 sm) “MRL-5” tipli meteoroloji radiolokatorlardan istifadə olunmağa başlanmışdır.

Azərbaycanda fəaliyyət göstərmiş 13 Doluya Qarşı Mübarizə üzrə Hərbiləşdirilmiş Dəstələrinin hamısı artıq 1984-cü ildə “MRL-5” tipli meteoroloji radiolokatorlarla təmin edilmiş və istehsalata tətbiq edilmişdi.

Keçmiş Şaumyan Hərbiləşdirilmiş Dəstəsindəki “MRL-5” tipli meteoroloji radiolokator ermənilər tərəfindən bütünlüklə məhv edilmiş, Füzuli, Zəngilan və Ağdərə Hərbiləşdirilmiş Dəstələrindəki meteoroloji radiolokatorlar isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qalmışdır.

Şamaxı, İsmayıllı, Xanlar, Şəki, Ağstafa və Tovuz Radiometeoroloji Stansiyalarındakı «MRL-5» tipli meteoroloji radiolokatorlar uzun müddət istismar olunduğu və əsaslı təmir olunmaq üçün ehtiyat hissələri ilə təmin olunmadığı üçün 1995-ci ildə bu radiolokatorların işi dayandırılmış, radiometeoroloji müşahidə işləri aparılmamışdır.
Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tərkibində Milli Hidrometeorologiya Departamenti yaradıldıqdan sonra 2002-ci ilin birinci yarısında Ağstafa və Şamaxı Radiometeoroloji Stansiyalarındakı «MRL-5» tipli meteoroloji radiolokatorlar əsaslı təmir edilmiş, fərdi kompüterlərdən istifadə etməklə avtomatlaşdırılmış radiometeoroloji müşahidə sistemləri quraşdırılaraq istifadəyə verilmişdir.
Bundan sonra Şamaxı və Ağstafa Radiometeoroloji Stansiyaları tərəfindən hidrometeoroloji proseslərin (şimşək-leysan və dolu buludları, onlarla əlaqədar olan təhlükəli hava hadisələrinin) radiometeoroloji müşahidələri aparılmağa başlanmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirinin 08 fevral 068/ü saylı əmri ilə Milli Hidrometeorologiya Departamentinin tərkibində “Radiometerologiya və Aerologiya” mərkəzi yaradıldıqdan sonra Şamaxı və Ağstafa RMS-larındakı MRL-5 tipli radiolokatorlarında ciddi təmir işləri görülmüş, “AİS-MRL” təmir edilmiş, sazlanmış, tez-tez sıradan çıxan və bu proqram bloklarının əsas hissələrindən olan 5 (beş) ədəd AD-775-JR mikrosxemlər gətirilmiş (ABŞ və Rusiyadan), radiometeoroloji müşahidələrin fasiləsiz aparılması təmin edilmişdir.

İsmayıllı, Şəki, Göygöl və Tovuz Radiometeoroloji Stansiyalarındakı MRL-5 tipli radiolokatorların texniki vəziyyətləri araşdırılmış, Göygöl və Şəki Stansiyalarında meteoroloji müşahidələrin bərpası üzrə işlərin görülməsinə başlanılmışdır.

RADİMETEOROLOGİYANIN PREDMETİ və METODU

Radiometeorologiyanın predmeti troposferdə baş verən hidrometeoroloji proseslərin və onlarla əlaqədar olan təhlükəli hava hadisələrinin öyrənilməsi, metodu isə meteoroloji radiolokatorun köməyi ilə müxtəlif radiometeoroloji kəmiyyətlərin (istənilən hündürlükdə buludun və buludluğun üfüqi və şaquli kəsiklərinin, alt və üst sərhədlərinin, maksimal əksetdirmə qabiliyyətinin, hərəkət istiqamətinin və sürətinin, yağıntının intensivliyinin və miqdarının, dolunun ölçülərinin) ölçülməsi, həmçinin şimşək çaxan, yağış və dolu yağan ərazilərin və təhlükəli hava hadisələrinin (dolu, leysan, qar, şimşək, fırtına) müəyyən edilməsi və baş vermiş hidrometeoroloji proseslərin film şəklində göstərilməsidir.

Fərdi kompüter vasitəsilə rəngli monitorda yerüstü hədəflərin fonunda aşağıdakılar formalaşdırılır və təsvir edilir:
1.Fəzanın seçilmiş istənilən nöqtəsində buludluğun parametrləri ölçülür;
2.Buludluğun (buludların) radioəkslərinin istənilən hündürlükdə üfüqi, istənilən istiqamətdə isə şaqüli kəsiklərinin xəritələri təsvir edilir;
3.Maksimal əksetmənin (Z10max – un və Z3,2max – un) xəritələri təsvir edilir;
4.Buludluğun (buludların) radioəkslərinin aşağı və yuxarı sərhədlərinin xəritələri təsvir edilir;
5.Yağıntının intensivliyinin və miqdarının sahələrinin xəritələri təsvir edilir;
6.Təhlükəli hava hadisələrinin (dolu, şimşək, qasırğa, leysan, qar) xəritələri təsvir edilir;
7.Buludluğun (buludların) yerdəyişməsinin istiqaməti və sürəti təsvir edilir;
8.Buludluğun (buludların) parametrlərinin zamana görə dəyişməsinin qrafiki təsvir edilir;
9.Yuxarıada sadalanan bütün xəritələrin zamana görə dəyişmələri videofilm şəklində göstərilir;
10.Radiometeoroloji müşahidə məlumatları sənədləşdirilir;
11.İlkin radiolokasiya məlumatları arxivləşdirilir;
12.Radiometeoroloji müşahidə məlumatları, o cümlədən də dolu proseslərinə fəal təsir işləri aparıldıqda fəal təsir materialları rəngli (və ya ağ-qara) printer vasitəsilə çap edilir;
13.Qorunan və ona yaxın ərazilərdə buludluq müşahidə edildikdə sistem avtomatik olaraq «Növbətçilik» rejimindən fasiləsiz müşahidə rejiminə keçir;
14.Qorunan və ona yaxın ərazilərdə təsir obyekti (TO) olmadıqda bir dövr müşahidədən sonra proqram MRL-5 radiolokatorunun işini dayandırır, verilmiş müəyyən müddətdən sonra isə (məsələn hər 15 dəqiqədən, 1 saatdan, 3 saatdan və s. sonra) radiolokatoru avtomatik olaraq yenidən işə salır və «Növbətçilik» rejimində yenidən müşahidələr aparır;
15.İşin rahatlığı üçün kompüterin ekranının istənilən hissəsinin miqyasını istənilən qədər böyütməyə imkan verən «Lupa» rejimi vardır.

RADİOMETEOROLOJİ MÜŞAHİDƏ MƏLUMATLARININ ÖTÜRÜLMƏSİ

Radiometeoroloji müşahidə məlumatıarı internetdən istifadə etməklə “azmeteoradar@gmail.com” və meteo 11@rambler.ru elektron poçt ünvanları və birbaşa telefonla Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosuna ötürülür. Məlumatlar həm bu poçt ünvanları, həm də server vasitəsilə “Radiometerologiya və Aerologiya” mərkəzinə ötürülür.

RADİOMETEOROLOJİ MÜŞAHİDƏ MƏLUMATLARININ TƏTBİQ SAHƏLƏRİ
Radiometeoroloji müşahidə məlumatlarından qısamüddətli hava proqnozlarının hazırlanmasında, hərbi və mülki aviasiyanın, kənd təsərrüfatının müxtəlif sahələrinin , hidrometeorologiya üzrə Beynəlxalq Təşkilatların meteoroloji məlumatlarla təmin olunmasında, sel və daşqınların proqnozlaşdırılmasında, doluya qarşı mübarizə, süni yağış yağdırəlması və yağıntının miqdarının artırılması işlərində istifadə edilir.

mənbə: azmeteoradar.com