Xəzər dənizinin meteoroloji şəraiti

Xəzər meridional istiqamətdə uzun məsafədə uzandığı və iki iqlim (subtropik və mülayim) qurşağında yerləşdiyi üçün meteoroloji şərait onun müxtəlif hissələrində müxtəlifdir.

Xəzərin şimal hissəsi üçün illik gedişdə şərq və cənub-şərq küləkləri üstünlük təşkil edir. Orta Xəzər üzərində şimal-qərb və cənub şərq küləkləri hakimdir. Abşeron rayonu üçün oroqrafyanın təsiri ilə şimal və cənub istiqamətli küləklər hakim olur.

Cənub Xəzərin qərb hissəsində şimal və şimal-şərq küləkləri, cənub-şərq hissəsində qışda cənub-şərq, yayda isə qərb və şimal-qərb küləkləri hakim olurlar (şəkil 2).

Dəniz üzərində sürətli 10 m/san qədər olan küləklər üstünlük təşkil edir (80-90 %). Çox güclü (təlatümlü) küləklərin təkrarlanması 1 % – ə qədər olur.

Orta Xəzərin qərb hissəsində, xüsusilə Abşeron üzərində, şimal-qərb və cənub-şərq istiqamətli güclü və təlatümlü küləklər əsasən qışda və yazda tez-tez müşahidə olunurlar.

Şimali Xəzər və həm də cənub şərq və cənub-qərb rayonları üzərində təlatümlü küləklər az hallarda müşahidə olunur.

Xəzər üzərində havanın temperaturunun paylanmasındakı böyük müxtəliflik onun müxtəlif iqlim zonalarında yerləşməsi ilə izah olunur. Gölün üzərində temperaturun orta illik qiyməti şimaldan cənuba 10° ilə 17° arasında dəyişir (şəkil 3). Xəzər üçün ən isti ay avqust, ən soyuq ay isə yanvar hesab olunur.

Şimali Xəzərdə və Orta Xəzərin şərq sahillərində havanın orta yanvar temperaturu -5°- -10°, Maxaçqala rayonunda isə -1° – -5° olur. Cənub rayonlarda temperatur müsbət olur.

Yay vaxtı bütün Xəzər üzərində havanın temperaturu 24-26 °, lakin Xəzərin cənub-şərq hissəsində (Krasnovodskidə) 28 ° – yə çatır.