Xəzər Dənizinin küləyə görə rayonlaşması

 

Xəzər meridional istiqamətdə uzun məsafədə uzandığı və iki iqlim (subtropik və mülayim) qurşağında yerləşdiyi üçün meteoroloji şərait onun müxtəlif hissələrində müxtəlifdir.

Xəzərin şimal hissəsi üçün illik gedişdə şərq və cənub-şərq küləkləri üstünlük təşkil edir. Orta Xəzər üzərində şimal-qərb və cənub şərq küləkləri hakimdir. Abşeron rayonu üçün oroqrafiyanın təsiri ilə şimal və cənub istiqamətli küləklər hakim olur.

Dənizin rayonlaşdırılması üçün əsas meyar küləyin sürətinin (15 m/san) təmin olunması ilə aparılmışdır. Daha çox təkrarlanmaya malik olan küləklər Abşeron yarımadası və Mahaçqala və Fort – Şevçenko rayonlarında özünü büruzə verir. Xəzər dənizində güclü fırtınalar (V≥15 m/san) şimal-qərb, cənub-şərq və şimal (və ya şimal-şərq) külək sahələri tiplərinə uyğundur.

Mahaçqala – Dərbənd rayonu (1). Küləyin sürəti V≥15 m/san olması Abşeron rayonunun qərb hissəsinə nisbətən burada təxminən iki dəfə çoxdur və 40-50 % təşkil edir. 3 – cü rayonda olduğu kimi burada bütün istiqamətli küləklər müşahidə olunur, lakin cənub-şərq (30 %) və şimal-qərb (25 %) küləkləri də üstünlük təşkil edir. İstiqamətlərdən asılı olmayaraq küləyin sürəti 16, 21 və 25 m/san – dən artıq olarsa, onda onların təkrarlanması uyğun olaraq 2.70; 0.40 və 0.06 % – ə bərabər olur.

Fort – Şevçenko – Kəndərli rayonu (2). Küləyin sürəti V≥15 m/san olan günlərin sayı Mahaçqala – Dərbənd rayonları ilə eynidir. Burada cənub – şərq  (23 %) və şimal – qərb (17 %) istiqamətli küləklər üstünlük təşkil edir. Daha yüksək sürətlər (V≥25 m/san) şimal və şimal – qərb istiqamətlərə xarakterikdir. Küləklərin 16, 21, 25 m/san – dən çox sürətlərə uyğun olaraq təkrarlanması 2.4; 0.37 və 0.03 % – dir.

Abşeron rayonu (3). İl ərzində küləyin sürəti V≥15 m/san olan günlərin sayı oroqrafik və burun effektindən asılı olub Abşeron yarımadası rayonunun şərqində 55-60, qərbində isə 115 – 145 – ə qədər müşahidə olunur. Sürəti 15 m/san – dən çox olan küləyin Abşeron rayonunda təkrarlanması 3.7 % – dir. Güclü küləklərin təkrarlanması (V≥10 m/san) 18 % təşkil edir. Güclü fırtınalar (V≥25 m/san) Abşeron rayonunun bütün məntəqələrində – Aşağı körpüdən — (Nizkiy Pristan) Səngi – Muğan adasına qədər müşahidə oluna bilər [11]. Bütün mövsümlərdə şimal istiqamətli küləklər üstünlük təşkil edir. Onun orta illik təkrarlanması 55 % (şimal – 24, şimal-şərq – 13, şimal-qərb isə 18 %) təşkil edir.

V≥15 m/san sürətə malik olan küləkli günlərin sayının paylanması bir az hamarlanmış şəklə uyğundur. Belə ki, o əsasən sahil və Abşeron rayonunda az saylı stansiyaların məlumatları əsasında (Pirallahı, Çilov, Neft daşları adaları) qurulmuşdur. Sahilboyu (10) və ada (4) hidrometeoroloji stansiyaların nisbətən sıx şəbəkəsi Abşeron yarımadasının ətrafında yerləşmişdir. Bu stansiyalar  yerləşən rayonunda şiddətli günlərin sayının paylanmasını daha ətraflı təyin etmək üçün imkan vermişdir.

Krasnavodsk Qara-Boğaz-Qol körfəzi rayonu (4). Külək şəraitinə görə şimal rayonlarından çox az miqdarda fərqlənir. Küləyin sürəti 15 m/san – dən çox olan günlərin sayı 40-50 % təşkil edir. İlin isti yarısı üçün şimal (18 %) və şimal-qərb (17 %) küləkləri, soyuq yarısı üçün şərq istiqamətli (30 %) küləklər xarakterikdir. Güclü fırtınalar şimal və şimal-şərq istiqamətli küləklər zamanı müşahidə olunur.

Sürəti 25 m/san – dən çox olan şimal və şimal-qərb istiqamətli küləklər bütün rayonlarda (1-4), cənub-şərq küləkləri yalnız Mahaçqala – Dərbənd (1) rayonu üçün xarakterikdir.

Cənubi Xəzərin qərb hissəsi rayonu (5). Külək rejiminə görə bu rayon 2 yarım rayona bölünür: Birinci yarım rayon – Kürün mənsəbindən şimalda; İkinci yarım rayon – Kürün mənsəbindən cənubda  

Birinci yarım rayonda şimal-şərq (26 %) və şimal (14 %)  küləkləri üstünlük təşkil edir. Sürəti 15 m/san – dən yuxarı olan küləklərin illik sayı 60-70 günə bərabərdir. İkinci yarım rayonda şimal-şərq (19 %) və cənub-şərq (12 %) və şimal-qərb (29%) küləkləri üstünlük təşkil edir. Onların orta illik sayı nisbətən azdır (50-60 gün).

Cənubi Xəzərin şərq hissəsi rayonu (6). Bu rayon üçün sürəti 15 m/san – dən çox olan küləkli günlərin sayının azalması (20-30 gün) xarakterikdir. Sürəti 15 m/san – dən çox olan güclü küləklərin təkrarlanması 11 gündən bir qədər çoxdur. Bu rayonda şimal və şimal-şərq küləkləri üstünlük təşkil edir. Ən böyük sürət (21-25 m/san) şimal küləkləri zamanı müşahidə olunur.

Advertisements