Xəzər dənizində suyun temperaturu

 

Xəzər dənizinin şimaldan cənuba meridional istiqamətdə uzanması və onun müxtəlif iqlim qurşağında yerləşməsi, suyun temperatur rejiminin məkan və zamana görə dəyişkənliyinə səbəb olur. Xəzər dənizinin temperatur rejimi istilik balansı elementlərinin illik dəyişmələrinin təsiri nəticəsində formalaşır. Əsas istilik mənbəyi günəşdən daxil olan qısadalğalı radiasiyadır.

Şimali Xəzərdə mart – avqust aylarında dəniz istiliyi toplayır (akkumulyasiya), sentyabr – fevral aylarında isə sərf edir. Orta və Cənubi Xəzərdə istilik balansı Şimali Xəzərə nisbətən bir ay sonra işarəsini dəyişir.

Şimali Xəzərdə aprel ayından başlayaraq su kəskin istiləşməyə başlayır və sahil zonasında səthdə 12°C-ə, açıq dənizdə isə 6 -10°C-ə çatır. Bu zaman Orta Xəzərdə 9-10°C, Cənubi Xəzərdə isə 11-14°C temperatur hakimdir. Suyun ən çox qızması aprel-may aylarında baş verir. Mövsümün axırında Şimali Xəzərdə 17-18°C, Orta Xəzərdə 13 -14°C və Cənubi Xəzərdə 16 -18°C çatır. Iyun ayında temperaturun yüksəlməsi davam edir və ayın axırında maksimuma çatır. Bu vəziyyətdə suyun termik rejimi avqustun axırına qədər saxlanılır və dənizin səthi temperatur bircinsliyi ilə xarakterizə edilir. Suyun səth temperaturu Şimali və Orta Xəzərdə 24 – 24°C, Cənubi Xəzərdə isə 25 – 28°C – ə bərabər olur. Yay mövsümündə dənizin orta hissəsində mənfi temperatur anomaliyaları da müşahidə edilir. Xüsusilə, şərq sahillərində, sahildən uzaqlaşdıqda temperaturun artması baş verir. Qərb sahillərində də bu hadisə müşahidə edilir. Lakin nisbətən az ərazini əhatə edir. Dənizin soyuması sentyabr ayının əvvəllərindən başlayır. Oktyabr ayında Şimali Xəzərdə suyun temperaturu 10°C -17°C, Orta Xəzərdə 15 – 18°C və Cənubi Xəzərdə 19 – 21°C intervalında olur. Noyabr ayında dəniz səthində suyun temperaturu şimalda 3 – 10°C, cənubda isə 16 -18°C diapazonunda dəyişir. Azərbaycanda Lənkəran sahil sularında, eləcə də İran və Türkmənistan sahillərində dəniz səthində ən yüksək temperatur (26 °C – dən yuxarı) müşahidə olunur. Belə  yüksək temperaturun səbəbi dənizin bu hissəsinin cənub enliklərdə yerləşməsidir.