Xəzər Dənizində səviyyə tərəddüdləri

 

    Xəzər dənizi səviyyəsinin dəyişməsi onun morfometrik elementlərinin dəyişməsinə səbəb olur. Xəzər dənizində səviyyənin dəyişməsini yaradan əsas amillər bunlardır: Dənizin su balansı elementlərinin dəyişməsi; atmosfer təzyiqinin dəyişməsi; qabarma əmələgətirən qüvvələrin təsiri; tektonik proseslər. Xəzər dənizi səviyyəsinin dəyişməsinin iki növünü fərqləndirmək lazımdır: Həcmi dəyişmə; deformasion dəyişmə.

      Səviyyənin həcmi tərəddüdlərinin əsas səbəbi atmosferin ümumi sirkulyasiyasının vəziyyətinin dəyişməsidir ki, bu da sutoplayıcı hövzədə rütubətliyin dəyişməsinə gətirib çıxarır. Nəticədə dənizin su balansının gəlir və çıxar hissələri arasında fərq yaranır. Səviyyənin həcmi dəyişməsinə əsrlik, çoxillik, illərarası, və ildaxili (fəsli) tərəddüdlər aiddir.

      Səviyyənin deformasion tərəddüdlərinin əsas səbəbi dəniz çökəyində tektonik hərəkətlər (uzun müddətli), həmçinin meteoroloji şəraitin qısa müddətli (sinoptik) dəyişməsidir. Deformasion tərəddüdlər dənizin ayrı-ayrı rayonlarında suyun həcmi dəyişmədən su kütlələrinin paylanması nəticəsində yaranır və qeyri-periodik xarakterə malik olub qısa müddətdə (bir neçə saatdan bir neçə günə qədər) baş verir. Detormasion tərəddüdlər müşahidə olunan rayonun morfoloji şəraitindən və külək rejimindən asılı olaraq lokal xarakter daşıyır. Səviyyənin deformasion dəyişməsinə qovulma-gətirilmə, seyşlər və qabarma tərəddüdləri aiddir.

Xəzər dənizinin əsrlik və çoxillik tərəddüdləri

       Xəzər dənizinin inkişaf tarixində 4 əsas dövr ayrılmışdır: Bakı (» 700-500 min il əvvəl); Xəzər (» 350-70 min il əvvəl); Xvalın (» 35-10 min il əvvəl); Yeni Kaspi (» 8-0 min il əvvəl). Pliosen dövründə Xəzər dənizi səviyyəsinin amplitudası » 200 m (-140 – +50 м abs.) olmuşdur. Ən aşağı səviyyə Yeni Kaspi, Xvalın, Xəzər və Bakı dövrünün əvvəlinə təsadüf edir.

      Xəzər ətrafında aparılan arxeoloji tədqiqatlar, xəzər çöküntülərinin yaşlarının radiokarbon metodu ilə təyin olunması, tarixi mənbələrin və instrumental müşahidə məlumatları əsasında dənizin səviyyəsi son 3-4 min il üçün rekonstruksiya edilmiş və maraqlı nəticəıər alınmışdır

      Aparılmış səviyyə təhlili göstərir ki, Xəzər dənizinin səviyyə gedişində 450-500 illik sikllər (200-250 illik ritm) mövcuddur. Araşdırmalar göstərir ki, tarixi dövrdə çoxəsrlik orta səviyyə – 27 m-ə bərabərdir. Ən çox təkrar olunan səviyyə durumu (»70 % – ə yaxın) -24 və – 30 m intervalında dəyişir. Tarixi dövr üçün səviyyənin dəyişmə amplitudası 15 m təşkil edir.

      İlk dəfə Xəzər dənizində epizodik instrumental müşahidələr Bakı şəhərində 1830-cu ildə akademik E.X. Lents tərəfindən başlanmışdır. Müşahidələr 1837-ci ildən sistematik aparılır.

      Xəzər dənizində əsrlik və fəaliyyətdə olan səviyyə məntəqələrinin instrumental müşahidə məlumatlarının təhlili göstərdi ki, 1837-1950-ci illərdə orta çoxillik səviyyə – 25.8 m-ə bərabər olmuş, 1930-1940-cı illərdə dənizin səviyyəsi 1929-cu il ilə müqayisədə 1.9 m düşmüşdü, 1941-1958-ci illərdə dənizin  səviyyənin enməsi yavaşıdı və 1960-cı illərdə – 28.2 m ətrafında stabilləşdi. Bütün müşahidə dövrləri ərzində səviyyənin maksimal orta illik qiymətləri (-25.4 m) 1838-1839, 1868-1869, 1877-1883-cü illərdə, ən maksimal (- 25.2 m) 1882-ci ildə, səviyyənin minimal qiyməti isə 1977-ci ildə (-29.0 m) müşahidə edilmişdir. Müşahidə dövrü ərzində səviyyənin ən böyük düşməsi 3.8 m olmuşdur. Dənizin səviyyəsi 1978-ci ildən kəskin qalxmağa başlamış və 1995-ci ildə onun illik orta qiyməti – 26.2 m-ə çatmışdır. Bu müddət ərzində səviyyənin qalxma intensivliyi 14.5 sm/il, müxtəlif illərdə (1979, 1991) isə 25-35 sm/il olmuşdur. 1996-2009-cu illərdə dənizin orta səviyyəsi – 26.91 m olmuşdur.

Xəzər dənizi səviyyəsinin ildaxili dəyişməsi

Daxili dənizlərdə olduğu kimi, Xəzər dənizində ildaxili (fəsli) səviyyə dəyişmələri su balansının gəlir və çıxar hissələrinin nisbəti ilə müəyyən olunur ki, bu rayonun fiziki-coğrafi şəraitindən asılı olaraq dənizin səviyyəsini müxtəlif dərəcədə dəyişdirir.

. Bu amillər dənizin bu və ya digər rayonunda səviyyənin fəsili gedişində özünü göstərir. Xəzər dənizinin Azərbaycan akvatoriyasının müxtəlif rayonlarını xarakterizə edən Bakı, Neft Daşları, Qoltuq məntəqələrində səviyyənin müşahidə məlumatlarının ildaxili dəyişməsindən görünür ki, səviyyə 1900-1929-cu illərdə yüksəlmiş, 1930-1941-ci illərdə kəskin düşmüş, 1942-1969-cu illərdə az dəyişmiş, 1978-1995-ci illərdə isə kəskin qalxmışdı.

       İl ərzində səviyyənin ən aşağı vəziyyəti dekabr və fevral aylarında müşahidə olunur. Mart-iyul aylarında səviyyə qalxmağa başlayır, ancaq ən intensiv qalxma may-iyun aylarında müşahidə olunur. Səviyyənin ən yüksək durumu iyun-iyul aylarında qeydə alınır ki, bu çaylarda yaz gursululuğu ilə əlaqədardır. İyul-avqustda çay axımının azalması və dəniz səthindən buxarlanmanın artması dəniz səviyyəsinin tədricən qış minimumuna qədər (dekabr) azalmasına səbəb olur.  (orta çoxillik qiymətə nisbətən 12 sm). Dekabr-yanvar aylarında bəzən səviyyənin azca qalxması (2-4 sm) müşahidə olunur və bu kiçik fevral qalxması (1-3 sm) ilə əvəz olunur. Sonra səviyyə yenidən qalxmağa başlayır və bu müddətdə qalxmanın çoxillik orta qiyməti 20 sm olur. Çoxsulu illərdə səviyyənin orta qiyməti 22 sm, azsulu illərdə isə 13 sm olur.

    Dənizin su balansı elementlərinə aid olan çay axımları və atmosfer yağıntılarının hesabına dənizin səviyyəsinin artması il ərzində orta hesabla uyğun olaraq 80 və 20 sm təşkil edir. Yağıntıların miqdarının normadan kənaraçıxması səviyyənin orta hesabla ± 3-7 sm illik dəyişməsinə səbəb olur ki, bu ildaxili səviyyə amplitudasının 10-15 % – ni təşkil edir. Xəzər dənizinin su balansının hesablanmasında yeraltı axımın miqdarı orta hesabla 4 km3 – ə bərabər götürülür. Su balansının çıxar hissəsinin əsas elementi olan buxarlanma səviyyənin fəsili gedişinə əhəmiyyətli dərəcədə təsir edir. Dənizin illik səviyyəsi buxarlanmaya görə orta hesabla 97 sm azalır. Müxtəlif illərdə buxarlanmanın orta illik qiymətindən  kənaraçıxması ± 10-20 sm-ə çatır. Bu səviyyənin ildaxili tərəddüdünün 30-50 % -nə uyğundur. Dəniz səviyyəsinin fəsili gedişində Qara-boğaz-qol körfəzinə axın da nəzərə alınır. Dənizdə səviyyənin bu səbəbdən azalması il ərzində 4 sm  təşkil e dir.

      Beləliklə, səviyyənin fəsili gedişini təyin edən əsas amillər – çay axımı, buxarlanma və onların ildaxili paylanmasıdır.

 

Advertisements