Xəzər Dənizində axınlar

Xəzər dənizində axın yaradan faktorlar bunlardır: külək, dəniz suyunun sıxlığının dəyişkənliyi, dənizin dərinliyi və sualtı relyefi, sahillərinin forması, və su axımları. Bu proseslər içərisində ən mühümü küləkdir. Dənizdə real şəraitdə bu proseslərin birgə təsiri nəticəsində yaranan axınlar sistemi müşahidə edilir.

Xəzər dənizində su dövranı orta çoxillik hidrometeoroloji şərait nəticəsində yaranmışdır. Ümumi halda axın sistemi belə təsvir edilir. Dəniz üzərində bütün il boyu hakim olan şimal küləkləri Şimali Xəzərdən cənuba doğru qərb sahilləri boyunca dreyf axınları yaradırlar və bu su selləri Abşeron yarımadasına qədər hərəkət edərək 2 qola ayrılır. Bunlardan daha güclü olanı yarmadadan keçərək cənuba daxil olur, sonra isə Cənubi Xəzərin sahilləri boyunca hərəkət edərək yenidən Orta və Şimali Xəzərə doğru hərəkət edirlər. Ikinci qol isə Abşeron yarımadasından şərqə doğru hərəkət edərək şərq sahillərinə daxil olur və burada əsas qolla birləşir. Manqışlaq yarımadasına daxil olan bu birləşmiş axın, yarımada tərəfindən qərbə tərəf dönür və beləliklə Şimali Xəzərdə tsiklonik (saat əqrəbinin əksinə) su dövranı yaranır. Dənizin cənub hissəsində Abşeron yarımadası ilə Kür çayı mənsəbi arasında yerli antitsiklonik (saat əqrəbi istiqamətində) axınlar da mövcuddur.

Şimali Xəzərdə ən böyük sürətə şimal – şərq və cənub – qərb (25 sm/s), az sürətə isə şimal – qərb və cənub – şərq (13 sm/s) axınları malikdir. Digər istiqamətlər üzrə axınların sürəti 15-18 sm/s intervalında dəyişir, naviqasiyası müddətində qərb ərazilərdə axınların sürəti 100 sm/s də çata bilər.

Orta Xəzərin qərb sahilləri boyunca cənub – şərq istiqamətli axınlar hakimdir. Abşeron yarımadası ərazisində sahilin təsiri nəticəsində güclü şimal – qərb küləkləri sahildən şərqə, açıq dənizdə isə şimal-qərbə yönəlmiş axınlar yaradir.

Abşeron yarmadasından şimala doğru zəif küləklərində axınların sürəti 10 – 20 sm/s, mülayim küləklərdə 30 – 40 sm/s və güclü küləklərdə isə 60 -100 sm/s təşkil edir.

Cənubi Xəzərdə Bakı arxipelaqı rayonunda sürəti 10 sm/s olan cənub axınları üstünlük təşkil edir. Burada maksimal axın sürətləri (40 – 50 sm/s) güclü şimal – qərb küləkləri zamanı müşahidə edilmişdir. Cənubi Xəzərin şərq sahilləri boyunca aprel – sentyabr aylarında cənub istiqamətli axınlar hakimdirlər. Burada axınların sürəti mülayim küləklərdə 15 – 30 sm/s, güclü küləkdə isə 50 – 60 sm/s təşkil edir.

Xəzər dənizində bir neçə növ axınlar müşahidə olunur:  külək, sıxlıq, qradiyent və axım axınları

Orta Xəzərin mərkəzi rayonlarında axınların sürəti 10-15 sm/san – yə qədər zəifləyir. Abşeron astanası üzərindən 15-30 sm/san sürətli sular dənizin cənub hissəsinə daxil olur. Orta çoxillik külək sahəsində qışda (fevral). Xəzərin bütün cənub hissəsində axınlar zəifdir (6-10 sm/san). Cənub-qərb hissəsində, Abşeron astanası ilə Kür mənsəbi arasında, antisiklonik dövran yerləşir. O, həmçinin cənub-şərq hissəsində də müşahidə olunur.

Yayda orta çoxillik külək sahəsində antisiklonik burulğan qərb sahillərində və fevral ayı ilə müqayisədə cənuba yerini dəyişir. Oqurçinski rayonunda zəif siklonik sirkulyasiya olur. Bütün cənubi Xəzərdə axınların sürəti fevral ayına nisbətən çoxdur .

Qradient axınlar sxeminin orta çoxillik barik vəziyyəti nəzərə alan sxem ilə, həmçinin cənub-şərq və şimal-şərq küləkləri sxemi ilə müqayisə etdikdə, belə nəticəyə gəlirik ki, küləyin təsiri əsasən yuxarı 10 m layda daha əhəmiyyətlidir.