Xəzər Dənizi haqqında

Xəzər dənizi planetimizin ən böyük qapalı su hövzəsidir. Okean və dənizlə əlaqəsi olmadığına görə Xəzərin dəniz adlandırılması şərtidir. Lakin geoloji kecmişdə Xəzər dənizi Ön Qafqazdakı Kuma-Manıç çökəkliyi vasitəsilə Azov, Qara dəniz və Aralıq dənizi daxil olmaqla Atlantik okeanı hövzəsinə aid idi. Dəniz iki böyük qitənin sərhəddindədir və beş ölkə ilə əhatə olunmuşdur: Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxstan və İran. Xəzər dənizi 36°33¢ ilə 47°07¢ şimal enlikləri və 46°43¢ ilə 54°50¢ şərq uzunluqları arasında yerləşir. Dəniz suyunun həcmi 78100 km3 – dir [1, 2, 3].

Dünyanın göl sularının ümumi həcminin 45 % – i Xəzərin payına düşür. Okean və başqa su hövzələri ilə əlaqəsi olan dənizlərdən fərqli olaraq onun özünəməxsus hidrometeoroloji və bioloji rejimi var. Xəzər dənizinin səviyyəsinin daim tərəddüd etməsi ilə əlaqədar olaraq onun coğrafi və morfometrik xüsusiyyətləri vaxtaşırı dəyişir.

Onun ümumi sahəsi 378400 km2 olub Yer kürəsi göllərinin ümumi sahəsinin 18 % – ni təşkil edir və dünya gölləri içərisində böyüklüyünə görə ikinci yeri tutan Yuxarı göldən (84100 km2 Şimali Amerika) 4.5 dəfə artıq sahəyə malikdir. Sahil xəttinin uzunluğu isə adalarla birlikdə 7000 km – dir.

Xəzər dənizi meridional istiqamətdə şimaldan cənuba doğru təxminən 1200 km  uzanır. Onun eni ən geniş yerdə 435 km (45°30¢ şimal enliyi paraleli istiqamətində), ən ensiz yerdə isə 196 km – dir (40°30¢ şimal enlikləri paraleli üzrə). Xəzər dənizi güclü şelf zonasına malik dərinsulu hövzədir. Orta dərinliyi isə 187 m-dir. Xəzər dənizinin sahilləri az girintili – çıxıntılıdır (Şəkil 1).

Morfoloji quruluş xüsusiyyətlərindən və fiziki – coğrafi şəraitdən asılı olaraq Xəzərin köndələn struktur astanalar vasitəsilə 3 hissəyə bölünməsi qəbul olunmuşdur: Şimali, Orta və Cənubi Xəzər.

Şimali və Orta Xəzər arasındakı sərhəd xətti şərti olaraq Çeçen adasını Tyub – Karakan burnu ilə birləşdirən xətt qəbul edilir. Orta və Cənubi Xəzər arasındakı sərhəd isə Çilov adası ilə Kuuli mayak xətti hesab olunur. Şimali Xəzər həmçinin şərq və qərb hissələrə ayrılır. Şimali Xəzərin qərb hissənin orta dərinliyi 4.5 m və maksimum dərinlik isə 25 m – dir.

Orta və Cənubi Xəzər isə bir-birindən Abşeron sualtı qalxması ilə ayrılır. Bu Abşeron yarmadasından Çələkən yarmadasına doğru sualtı assimmetrikdir. Burada ən böyük dərinliklər 140 – 150 m – ə çatır.

Xəzərin suyunun ümumi həcmi onun bu üç hissəsi arasında qeyri bərabər paylanmışdır. Şimali Xəzər ümumi həcmin yalnız 0,5 %-ni, Orta Xəzər 34 % –

ni təşkil edir. Suyun əsas hissəsi, yəni ümumi həcmin 65 % – i Cənubi Xəzərin payına düşür. Şimali, Orta və Cənubi Xəzərin sahələri və onların suyunun həcmləri nisbətləri uyğun olaraq 1:1,5:1,6 və 1:67:129 kimidir.

Xəzərin qidalanmasında əsas yeri Volqa çayının hövzəsi tutur. Volqa çayından başqa burada Terek, Sulak, Samur, Kür, Emba, Qafqazın kiçik çayları və İran sahillərindən axan çaylar aiddir. Bu çayların çoxu dənizə tökülən hissələrdə, deltalar yaradır. Bunların sırasına Volqa, Ural, Terek, Sulak və Kür aiddir. Hal – hazırda bura tökülən çayların deltaları azalmaqdadaır. Çayların çox böyük hissəsi əsasən Şimali Xəzərə tökülür. Şərq hissə demək olar ki, hidroqrafiq şəbəkədən məhrumdur.

Ada və yarımadaları. Xəzər dənizində irili-xırdalı ümumi sahəsi 2049 km2 olan 50-ə qədər ada var. Şimali Xəzərdə adaların sahəsi 1813, Orta Xəzərdə 71, Cənubi Xəzərdə 165 km2 – dır. Adalar adətən böyük olmayıb sahilə yaxın yerləşirlər. Şimali Xəzərin qərb sahilində dənizin ən böyük adaları – Çeçen (122 km2) və Tülen (68 km2) və çoxlu sayda alçaq adalar, Volqanın dənizsahili mənsəbində isə kiçik adalar mövcuddur. Dənizin şimal hissəsində Tülen arxipelaqı yerləşmişdir ki, aralarında ən böyükləri Kulalı ( 73 km2 ) və Marskoy (65 km2) – dur. Orta Xəzərdə Abşeron yarımadasından şərqdə Abşeron arxipelaqı adaları zəncirvarı formada uzanıb. Bunların içərisində ən böyükləri Cilov (28 km2) və Pirallahıdır. Bakı buxtasından cənubda, qərb sahildə Bakı arxipelaqı adaları yerləşib (Böyük Zirə (Nargin), Kiçik Zirə (Vulf), Qum, Xanlar, Xərə-Zirə (Bulla), Səngi-Muğan (Svinoy), Zənbil (Duvannı), Gilgil (Oblivnoy), Gil, Daş-Zirə, Çınqıl ,Qarasu, Kür daşı arxipelaqı). Qeyd etmək lazımdır ki, adalar səviyyənin tərəddüdü ilə əlaqədar öz sahə və görünüşünü dəyişir. Cənubi Xəzərin şərq sahilində dar, meridional istiqamətdə uzanan Oqurçi adası yerləşir. Dənizin cənubunda adalar azdır. Hirkan körfəzinin girişində Aşur-ada və bir sıra xırda adalar vardır. Səviyyənin dəyişməsindən asılı olaraq Aşur-adası dövrü olaraq nazik dillə materiklə gah birləşir, gah da aralanır. Ən böyük yarımadaları Aqraxan, Buzaçı, Tyüb-Karaqan, Manqistau, Abşeron, Çələkən, Sarı, Miyan qala, Türkmənbaşı və s. [5, 20, 23].

Körfəzlər. Xəzərdə 20 – ə qədər körfəz vardır. Ümumiyyətlə götürdükdə, dəniz on iri körfəzə malikdir: Komsomolets, Manqistau, Qazax, Qara-Boğaz-Qol, Türkmənbaşı, Türkmən, Qızılağac, Həştərxan və Qızlar. Xəzərin İran sahilində iki iri körfəzi vardır: Hirkan (keçmiş Astrabad) və Ənzəli (keçmiş Pəhləvi). Xəzər dənizinin nəhəng körfəzi Qara-Boğaz-Qol xüsusi maraq kəsb edir. Dənizin səviyyəsindən asılı olaraq körfəzin sahəsi dövrü olaraq dəyişir. Onun sahəsi 25 min km2 – ə yaxındır. Körfəz dənizlə eni 110 – 300 m arasında dəyişən və uzunluğu 8 – 10.5 km olan dar boğaz vasitəsi ilə birləşir. Qara-Boğaz-Qol körfəzinin səviyyəsi Xəzər dənizinin səviyyəsindən daimi aşağıdır. Səviyyələr arasındakı fərq dəyişəndir, dənizin səviyyəsindən asılıdır və 2 – 6 m intervalındadır. Boğaz vasitəsi ilə körfəzə daimi su axını vardır və bu suyun hamısı körfəz səthindən buxarlanır. Hər il Xəzərdən körfəzə təqribən 8 – 10 km3, yəni 20 – 300 m3/san su axır. Bu su vasitəsi ilə dənizdən körfəzə 150 milyon ton duz daşınır. 1980 – 1984 – cü illərdə körfəz süni damba vasitəsi ilə dənizdən ayrılmış, nəticədə Qara-Boğaz-Qol qurumuş və 18 min km2 ərazidə nəhəng duz vadisi yaranmışdır. İldə Qara-Boğaz-Qol körfəzinin səthindən 1500 mm su buxarlanır, yağıntının miqdarı isə 70 mm/il – i keçmir. Ona görə də körfəzin suları əslində duzlardan doymuş məhlula bənzəyir. Onun duzluğu 300 ‰ – dir və dəniz tipli duzların çöküntüsünü verən yeganə hövzədir. Qara-Boğaz-Qol körfəzi mirabilit, qalit, astraxanit və s. mineral duzlarla çox zəngindir. Qızılağac körfəzi dənizin cənub-qərb hissəsi – Salyan rayonun cənubunda yerləşir. O, dənizdən Kürdili vasitəsilə ayrılır. Səviyyənin tərəddüdü ilə əlaqədar sahəsi daim dəyişir (710 km2). Vaxtı ilə körfəzə Kürün qolları və s. çaylar tökülürdü. Körfəzin sahil xətti çox girintili-çıxıntılıdır. Onun sahili alçaq bataqlıqlardan və dillərdən ibarətdir. Körfəzin şimalı dayaz olub, cənuba getdikcə dərinləşir. Keçmişdə körfəzdə Sara, Qarabatdaq (Baklani), Yovşan (Burunki), Kulakin, İtdişi və s. adalar mövcud idi. Dənizin səviyyəsinin dəyişməsi ilə əlaqədar adalar sahillə birləşmiş, körfəz öz formasını dəyişmişdir. Bunun nəticəsində Sara adası yarımadaya çevrilmişdi. Səviyyənin dəyişməsi nəticəsində dənizin bəzi körfəzləri tamamilə qurumuşdu. Çeçen, Tülen adalarının sahəsi dayaz suların quruması hesabına artmışdı. Bir çox köhnə bankalar adalara çevrilmişdi. Şimali Xəzərin şimal-qərbində və şərqindəki çoxsaylı körfəzlər, buxtalar quruya birləşmişdilər. Cənubi Xəzərdə isə, xüsusilə onun cənub-şərqində dəniz 10 – 15 km geriyə çəkildi. Nəticədə Çiləkən adası materikə birləşdi və eyni adlı körfəz əmələ gətirdi. Həsən-Qulu körfəzi tamamilə qurudu, Türkmənbaşı körfəzinin sahəsi isə yarıya qədər azaldı .