Radar Meteorologiyasının tarixi

1887-ci ildə alman fiziki Henrix Hers, 1864-cü ildə Ceyms Maksvell tərəfindən nəzəri şəkildə irəli sürülmüş  elektomaqnit dalğalarının mövcudluğunu  sübut etmək üçün təcrübəyə başladı və elektromaqnit dalğalarını kəşf etdi. Hers, elektromaqnit dalğalarını generasiyasına və qəbul edilməsinə nail olmuş və müşahidə etmişdir ki, onlar müxtəlif materiallardan müxtəlif cür udulur və əks olunurlar.

1897-ci ildə rus alimi A.S. Popov gəmilər arasında radiorabitə üzrə təcrübələr apararkən radiodalğaların yenidən əks olunmasını müşahidə etmişdir. Popov həmçinin iki gəmi arasında duran üçüncü gəminin də radiodalğalara təsir etdiyini müşahidə etmişdir. Popov bunu kəşf etməklə yeni müşahidə vasitəsinin –radiolakasiyanın başlanğıcını qoydu. O dövrdə texnikanın mükəmməl olmaması, praktiki cəhətdən yararlı radiolakatorun yaranması üçün 40 il vaxt lazım gəldi.

1905-ci ildə Xülsmeyerə 30 aprel 1904-cü ildə radiolakator ideyasının sifarişi üzrə alman patenti verilmişdir. ABŞ-da radiodalğaların əks olunmasının kəşfi 1922-ci ildə Teylor və Yunqun adlarına yazılır.

Hava hədəflərinin radiolakasiyası üçün nəzərdə tutulmuş ilk qurğunu 26 fevral 1935-ci ildə Şotland fiziki Robert Vatson-Vatt nümayiş etdirmiş, təxminən bir ildən sonra belə bir sistem kəşf etdiyinə görə ilk patent almışdır.

30-cu illərdə ingilislər öz gəmilərində ilk radarları quraşdırmağa başlamışlar. ABŞ-da bu sahə üzrə ilk kontrakt sənayeçilərlə 1939-cu ildə bağlanmışdır.

3 yanvar 1934-cü ildə SSRİ-də təyyarənin radiolakasiya metodu ilə müşahidəsi üzrə təcrübə müvəffəqiyyətlə həyata keçirilmiş, 150 m hündürlükdə uçan təyyarə radar qurğusundan 600 m məsafədə müşahidə edilmişdir.

1936-cı ildə “Burya” adlı sovet santimetrlik radiolakasiya stansiyası 10 km məsafədə təyyarəni müşahidə edə bilmişdir.

SSRİ-də ilk dəfə hərbi silahlanmaq üçün  1939-cu ildə “RUS-1”, 1940-cı ildə”RUS-2” RLS buraxılmışdır.

          Müasir dövrdə xüsusiləşdirilmiş radiolakatorlardan aviameteorologiya  da daxil olmaqla meteorologiyada, atmosfer fizikasında, ekologiyada, “Ştorm” xəbərdarlığı xidmətində, hidrologiyada geniş istifadə olunur.  Radiodalğaların yayımlanması və radiorabitə ilə əlaqədar olan problemlərin həllində onun rolu böyükdür.

Passiv rejimdə işləyən meteoroloji radiolakatorlardan istifadə edilməsinin tarixi keçən əsrin 50-ci illərininin axırına, 60-cı illərin  əvvəlinə aid edilir. Onun işləmə prinsipi atmosferin məxsusi istilik şüalanmasının radar tərəfindən qəbul edilməsinə əsaslanır.

Tərkibinə aktiv rejimdə işləyən meteoroloji radiolakator və mikrodalğalı radiometrik aparat daxil olan aktiv-passiv komplekslərin birgə tətbiqinə əsaslanan meteodların işlənib hazırlanması, meteorologiyada bulud və yağıntıların tədqiqində xüsusi önəm və rol oynamağa başladı.

Radiometeorologiya geniş diapozonlu radiodalğaların bulud törəmələrindən, yağış və dolu şəklindəki yağıntılardan səpilməsinin və zəifləməsinin tədqiqinə və hesablanmasına əsaslanır.

Bu cür tədqiqatlar hələ ikinci dünya müharibəsindən əvvəl və sonra İngiltərədə Rayd tərəfindən aparılmışdır.

Keçən əsrin 60-65-ci illərinə radiometeorologiya  geniş inkişaf etməyə başladı. Demək kifayət edər ki, ABŞ-da hər 1,5-2 ildən bir müntəzəm olaraq radiometeoroloji konfrans keçirilirdi. Amerikada radiometeorologiyanın inkişafının ilhamvericiləri Amerika Meteoroloji Cəmiyyətində rəhbər vəzifə tutan L.Battan, D.Atlas, E.Qossard və b. idi.

Indiki dövrdə radiolakasiyanın bulud törəmələrinin və sisteminin öyrənilməsi ilə bağlı olan ənənəvi radiometeorologiya istiqaməti ilə yanaşı “incə struktur”un və buludsuz havanın başqa metod və vasitələrlə tədqiq edilməsi mümkün olmayan sahələrini radiolakasiyanın köməyi ilə həll etməyə çalışılan məsələlərinin çevrəsi genişlənmişdir.

Sərbəst atmosferin müxtəlif hündürlüklərində baş verən dinamik proseslərin radiolakasion tədqiqiq ilə yanaşı troposferdə, stratosferdə və  mezosferin aşağı qatlarında baş verən proseslərin radiolakasion metodlarla öyrənilməsi də indiki dövrdə xüsusi yer tutur. Müasir radiometeorologiyanın inkişafının bu cür genişlənməsi RLS-lərin potensiallarının kəskin artırılması, onların təkcə yerin üstündə deyil, həm də təyyarələrdə və peyklərdə quraşdırılması, dalğa uzunluğunun diapozonunun genişləndirilməsi hesabına mümkün olmuşdur. Belə ki, hal-hazırda meteoroloji radiolakatorlar 3·10-3 m-dən 6 m-əqədər dalğa uzunluğunda işləyə bilirlər.

İmpuls radarları ilə yanaşı eyni vaxtda dalğa uzunluğunun geniş diapozonunda işləyən dopler və polyarizasiya radarları  da yaradılmışdır.

Radiometeorologiyanın geniş inkişafı elə bir mərhələyə gətirib çıxarmışdır ki, artıq radarlar təkcə “ müşahidəçi “ funksiyasını yerinə yetirmir, özləri müasir ölçü sistemlərinə çevrilmişlər.

Bu və ya digər meteoroloji parametrlərin ölçülməsi onun ölçülməsinin dəqiqliyini və düzgünlüyünü göstərməklə həyata keçirilir. Məsələnin bu cür qoyuluşda həllinin mürəkkəbliyi ondadır ki, radiometeoroloji müşahidə nəticəsində alınmış informasiyalar o qədər tutumlu və müxtəlif qiymətli olur ki, onları ənənəvi meteoroloji cihazlar və tətbiq edilən adi ölçü metodları ilə müqayisə etmək çox çətinləşir.

Radiolakatorun köməyi ilə alınmış informasiyaların tutumunun çoxluğu, onların emalı və tətbiqi üçün ən yeni hesablama texnikalarından və müasir proqram təminatlarından istifadə edilməsini tələb edir.

Radiometeorologiyada hesablama texnikasının xüsusiliyi ondadır ki, informasiyanın ilkin emalı və onun ekspress analizi (xüsusilə operativ işlərdə) informasion radiolakasiya sistemlərinin özündə, real zaman miqyasında birbaşa həyata keçirilməlidir.

Belə bir sistem – “AİS-MRL (Avtomativ İdarəetmə Sistemi – Meteoroloji Radiolakator” Rusiyanın Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Xidmətinin “ ANTİQRAD” Elmi-İstehsalat Mərkəzi tərəfindən yaradılmış və 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Radiometeorloji və Aeroloji Mərkəzinin Ağstafa Radiometeoroloji Stansiyasında, 2002-ci ildə isə Şamaxı Radiometeoroloji Stansiyasında quraşdırılmış və istismara verilmişdir.