Günəş radiasiyası haqqında

Günəş radiasiyası əsas iqlim yaradıcı amillərdən biridir. Məlumdur ki, o canlı və cansız təbiətdə baş verən bütün inkişaf proseslərinin yeganə enerji mənbəyini təşkil edir. Yer səthinə günəşdən daima radiasiya şəklində günəş enerjisi düşür. Günəş tərəfindən saçılan və atmosferə daxil olan şüa enerjisinin bir hissəsi atmosfer daxilində dağılır, digər hissəsi isə yer üzərinə çatır. Günəş şüaları səma boşluğu və atmosferdən keçib yer səthinə gəlincə bir sıra tə­biət hadisələrinin yaranmasına səbəb olur. Səth örtüyünə düşən günəş radiasiyasının bir qismi isə onun qızmasına və bu­xarlanmaya sərf olunur.

Atmosferdə səpələnən şüalara – səpələnən radiasiya deyilir. Hər iki şüa enerjisi, işıq və istilik şüalarından ibarətdir. Günəş şüalarının təsiri altında bitkilərdə xlorofil əmələ gəlir, günəş şüaları bitki orqanizmində qidalanmaq prosesini və yarpaqların sət­hində baş verən buxarlanma hadisəsini sürətləndirir. Günəş şüalarının təsiri altında bit­ki­lərin hüceyrələri bir-birindən ayrılır, bitkinin yarpaqları sürətlə böyüyür.

Günəş şüalarının təsiri kənd təsərrüfatı bitkilərinin məhsuldarlığında böyük rol oynayır. Məsələn, üzüm, şəkər çuğunduru və bir sıra meyvə-tərəvəz bitklilərində şəkərin miqdarı bilavasitə günəş radiasiyasından asılıdır. Vegetasiya dövrü müddətində günəşli günlərin miqdarı nə qədər çox olarsa, həmin bitkilərin tərkibində şəkərin miqdarı da bir o qədər çox olar.

Günəşin hündürlüyü aşağıdakılardan asılı olaraq dəyişir:
a) coğrafi en dairə­sin­dən,
b) aylardan və mövsümdən,
c) günün vaxtından asılı olaraq.

Yer səthinə çatan günəş işığının keyfiyyəti eyni deyildir. Adətən onun spektri üç hissəyə bölünür: görünməyən ultrabənövşəyi şüalar, görünən şüalar və infraqırmızı şüalar.

İnsan gözü ilə dərk edilən görünən şüaların dalğa uzunluğu 0,40-0,76 mkm. bəra­bərdir.Görünən şüalar rəng ehtiyatına görə (0,40-0,44 m km) göy (0,44-0,49 m km), yaşıl (0,49-0,56 m km), sarı (0,56-0,60 m km), cəhrayı (0,62-0,76 m km) şüalara bölü­nür. Görünməyən infraqırmızı şüaların dalğa uzunluğu 0,76 mkm-dən böyükdür. Bu şüaların xeyli hissəsi su buxarları tərəfindən udulur.

Günəş radiasiyası bitkilərin kimyəvi tərkibinə təsir göstərir. Müəyyənləşdirilib ki, üzümün və şəkər çuğundurunun şəkərliliyi, buğda dəninin tərkibindəki zülalın miqdarı, günəşli dünlərin sayı ilə, meyvə bitkilərinin şəkərliliyi isə günəş radiasiyasının intensivliyi ilə sıx əlaqədardır.

Bitkiyə günəş işıqlanmasının uzunluğu, onun intensivliyi və spektr tərkibi təsir göstərir.

Advertisements