Daşqınlar

Təbii fəlakətin bir növü olan daşqınlarla insanlar hələ qədim zamanlardan mübarizə aparırlar. Daşqınlar cəmiyyətə vurduğu ziyana və qurbanların sayına görə təbii fəlakətlər arasında birinci yeri tutur.  BMT ekspertlərinin hesablamalarına görə, dünyada baş verən daşqın hadisələrinin sayı sürətlə artmaqdadır. Daşqınların əsasən intensiv yağış və siklonun təsiri nəticəsində, həmçinin dağlarda qar və buzlaqların əriməsi nəticəsində baş verdiyi bildirilir. Bir çox daşqınlar insanların yaddaşında əsrlərlə yaşayıb, çünki onların vurduğu dağıntı və insan ölümü ən qanlı müharibələrlə üst-üstə düşür.  Məsələn, ən dəhşətli daşqınlardan biri 1332-ci ildə  Çində, Xuanxe çayında baş verib. Həmin daşqın nəticəsində 7 milyonadək insan həlak olub. 1887-ci ilin payızında baş verən daşqın nəticəsində isə Çində 11 şəhər və 300 kənd dağılıb, 2 milyondan çox insan həlak olub.

XX əsrdə çoxsaylı insan ölümü və nəhəng dağıntılarla müşahidə olunan 1000-dən çox daşqın qeydə alınıb. Hesablamalara görə, Yer kürəsində subasma təhlükəsi olan ərazi təqribən 3 milyon kv.km təşkil edir ki, burada təqribən 1 milyard insan yaşayır. Ayrı-ayrı illərdə daşqınlardan illik ziyan 200 milyard dolları keçib.   Son 20 ildə dünyanın iri çay, göl və digər su sahillərində yaşayan əhalinin və ərazidə yerləşən təsərrüfatların daşqına məruz qalması, bu hadisədən ziyan çəkməsi halları xeyli artıb. Proqnozlara görə, təbii və antropogen səbəblərə görə, daşqınların vurduğu ziyan getdikcə artacaq.

Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, təkcə 1991-2000-ci illərdə dünyada 900-ə yaxın daşqın hadisəsi qeydə alınıb və bu fəlakət nəticəsində ölənlərin sayı təxminən 98 min, zərərçəkənlərin sayı 1,5 mln. nəfər, iqtisadiyyata dəyən ziyanın həcmi isə 273 mlrd. dollar təşkil edib.

2000-2007-ci illərdə bu proses daha da intensivləşib və hər il daşqın hadisəsi nəticəsində orta hesabla 10 min  insan məhv olub, 150 min nəfər ağır xəsarət alıb və dünya iqtisadiyyatına təxminən 27-30 mlrd. dollardan çox ziyan dəyib. Azərbaycan ərazisində də əhalinin  müəyyən hissəsi və bir çox təsərrüfat sahələri daim daşqın və su basması təhlükəsi zonasında yerləşir. Bu baxımdan daşqın hadisəsinin iqtisadi və sosial-coğrafi istiqamətdə öyrənilməsi və dəyən ziyanların azaldılması xüsusi aktuallıq kəsb edir.

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin məlumatına görə, 1997-2007-ci illər ərzində Azərbaycan Respublikası ərazisindən axan çaylarda 100-dən çox qısa müddətli sel, daşqın və subasma halları qeydə alınıb ki, bunun da 80%-i Böyük Qafqazın cənub və şimal-şərq yamacı, qalan 20%-i isə Kiçik Qafqazın şimal-şərq yamacı, Naxçıvan MR ərazisindən axan çayların, Kür və Araz çaylarının payına düşür. Lakin respublikanın iqtisadiyyatına vurulan zərərin böyüklüyünə görə Kür və Araz çaylarında uzun sürən daşqın və subasma prosesləri fərqlənib. Belə ki, 2002-ci ilin dekabr ayı və 2003-cü ilin yanvar-mart aylarında respublika ərazisində son 100 ildə baş verməyən dağıdıcı daşqın və sel hadisələri baş verib və bəzi Kür ətrafı ərazilərdə 10 min hektarlarla əkin sahələri su altında qalmış və yüzlərlə fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Son illər ərzində Kür çayının aşağı axımında baş verən daşqınlar nəticəsində Kürün sahil zolağında yerləşən Salyan, Neftçala rayonlarının və Şirvan şəhərinin sahilyanı ərazilərinin su altında qalması halları baş verib. 2007-ci ilin may ayında Kür çayında suyun səviyyəsinin qalxması və sahilboyu yaşayış məntəqələrində subasma halları baş verib.

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin məlumatına görə, Azərbaycanda daşqınların baş verməsinin əsas səbəbi göstərilən çay hövzəsində uzun müddətli yağıntıların və xüsusilə də leysan yağışların düşməsi, çayların mənbələrində onların qidalanmasında mühüm rol oynayan qalın qar örtüyünün və buzların yazın axırında kəskin isti hava şəraitində vaxtından əvvəl tez əriməsidir. “Qeyd etmək lazımdır ki, Kür və Araz çaylarının aşağı axınlarında 800 km-ə qədər məsafədə bir, bəzən iki sıra torpaq bəndləri yüz illərdən bəri ətraf ərazilərdəki yaşayış məntəqələrini, əkin sahələrini daşqınlardan qoruyurdu. Hazırda Kür ətrafı ərazilərdə yaşayış sahəsi genişləndiyindən, yəni yerli sakinlər tərəfindən yeni yaşayış evləri inşa edildiyindən bu ərazilərdə bəndlərin bir hissəsi kəndlərin daxilində qalıb. Əslində isə yaşayış məntəqələri torpaq bəndlərindən 50-100 m ara məsafədə yerləşməli və bu ara məsafədə yalnız meşələrin, bağların salınması məqsədəuyğun olardı”.

İdarədə hesab edirlər ki, hazırda Azərbaycanda baş verən və gözlənilən daşqınların qarşısını almaq üçün ilkin olaraq aşağıdakı qısa və uzunmüddətli məqsəd daşıyan tədbirlərin görülməsi çox vacibdir:
– Məcranın lilləndiyi və suburaxma qabiliyyətinin azaldığı ərazilərdə təmizləmə işlərinin aparılması;
– Həddən artıq meandrlaşan yerlərdə məcranın düzəldilməsi;
– Subasma təhlükəsinin çox olduğu sahil ərazilərində bəndlərin tikilməsi;
– Mənsəb hissədə Xəzər dənizinə əlavə süni sudaşıyan kanalların tikilməsi;
– Kür çayı hövzəsində daşqın hadisəsinin törədə biləcək fəlakətlərinin qarşısını maksimum səviyyədə almaq üçün onun keçdiyi 14 rayon ərazisində çayın yatağının dərinləşdirilməsi və əvvəllər mövcud olmuş 1-2 cərgəli torpaq bəndlərin müvafiq sahələrdə yenidən bərpa edilməsi.
Daşqınlarla mübarizədə ən əhəmiyyətli üsullardan biri də mühəndis qurğularının yaradılmasıdır. Bunlardan da ən effektlisi böyük vəsait tələb edən su anbarlarının tikilməsidir. Lakin Kür və Arazın aşağı axarlarında su anbarlarının tikilməsi üçün müvafiq yer olmadığından Kür çayı daşan zaman onun artıq sularının sağ sahilində yerləşən Mil-Muğan kollektoruna, Sarısu və Ağ gölə axıdılması daşqınların gücünü və vuracağı zərəri xeyli azalda bilər.