Azərbaycan və Xəzər Dənizinin yağıntı rejimi

Azərbaycan Respublikasında atmosfer yağıntıları əsasən hava kütlələrinin əraziyə müdaxiləsi ilə əlaqədardır. Yağıntıların miqdarını, mövsümü və illik paylanmasını hava kütlələrinin ərazinin relyef və Xəzər dənizi ilə qarşılıqlı əlaqəsi müəyyən edir. Azərbaycan ərazisində ən az orta illik yağıntı (150-200 mm-dən az) cənub-şərqi Qobustana və Abşeron yarımadasının cənub sahilinə düşür. Kür-Araz ovalığının mərkəzi və şərq, Samur-Dəvəçi ovalığının cənub-şərq, Naxçıvan MR-nın Arazboyu, Qobustan və Abşeron yarımadasının əsas hissələrində illik yağıntılar miqdarı 300 mm-dən azdır. Onların miqdarı Xəzər dənizi sahillərindən qərbə, düzənliklərdən dağlara doğru tədricən artır. Dağlarda yağıntılar müəyyən yüksəkliyə qədər (Böyük və Kiçik Qafqazda 2600-2800 m, Naxçıvan MR-da 2600-3000 m, Talışda 200-600 m-dək) artır, sonra isə tədricən azalır. Bu ərazilərdə illik yağıntıların maksimum miqdarı Böyük Qafqazın cənub yamacında 1400-1600 mm, şimali şərq yamacında 800 mm, Kiçik Qafqaz və Naxçıvan MR-da 800-900 mm, Talış dağlarında isə 1700-1800 mm təşkil edir.

Respublikanın digər dağlıq ərazilərindən fərqli olaraq Talış dağlarında yüksəklik artdıqca yağıntının miqdarı azalır və yüksək dağlıq hissəsində (2000 m-dən yüksək) və dağarası dərələrdə onun miqdarı 250-300 mm-dən azdır. Baxmayaraq ki, yağıntıların böyük hissəsi ilin isti dövrünə (aprel-oktyabr) təsadüf edir, yay ayları quraq keçir və hətta yağıntıların bolluğu ilə seçilən Lənkəran-Astara zonasında bu zaman yağıntıların miqdarı illik normanın 5-15 % – ni təşkil edir.

Atmosfer yağıntıları Xəzərin akvatoriyasında bərabər paylanmır. İldə orta hesabla dəniz səthinə 100 mm yağıntı düşür. Yağıntının paylanmasında sahil zonasının relyefi həlledici rol oynayır. Şimalda yağıntının illik miqdarı 300, qərbdə 300-400-dən 600 qədər, cənub-qərb Xəzərdə 1600, şərq hissəsində isə 90 mm-ə qədərdir. Abşeron yarımadası rayonunda yağıntının illik miqdarı 200 mm-ə yaxındır.

Xəzər dənizinin aynalı səthinə tökülən atmosfer yağıntılarının və buxarlanmanın qiyməti ildə uyğun olaraq 180 mm və 910 mm – ə bərabərdir. Dənizin ildə atmosferə verdiyi rütubətin orta qiyməti ondan aldığından beş dəfə çoxdur (Orta Xəzərin şərq hissəsində 13 dəfə çox).

Bütövlükdə Xəzər dənizindən atmosferə verilən rütubətin orta illik qiyməti 730 mm təşkil edir. Yağıntıların çox hissəsi ilin soyuq dövründə düşür (oktyabr-mart). Soyuq vaxtda 60 %, qalan 40 % isə isti dövrlərdə qeydə alınır. Bu da dənizin akvatoriyası üzərində atmosfer sirkulyasiyasının xarakteri ilə əlaqədardır. İsti dövrdə, xüsusən, iyul-sentyabrda buxarlanmanın ən böyük qiyməti müşahidə olunur. Çünki bu dövrlərdə dəniz üzərində havanın yüksək temperaturu və havanın ən böyük nisbi quruluğu qeydə alınır. Buxarlanma ilə yağıntı arasında ən böyük fərq avqust və sentyabr aylarında müşahidə olunur. Dəniz üçün yağıntılar üzərində buxarlanmanın üstünlüyü bütünlüklə il ərzində saxlanılır. Xəzər dənizinin əsas iqlimyaradıcı rolu bunda əks olunur.

Yağıntıların orta aylıq göstəricilərinin dəyişməsini onların ekstremal qiymətləri üzrə amplitud və orta kvadratik kənara çıxmasına əsasən  müəyyənləşdirmək olar. Bu göstəricilərə əsasən müəyyən edilib ki, yağıntıların

daha böyük dəyişməsi payız-qış fəslində müşahidə edilir. Fərqli fiziki-coğrafi şərait dəniz akvatoriyasında yağıntıların qeyri-bərabər paylanmasına səbəb olur.  Dənizin sahil zonasına onun mərkəzi və açıq hissələrinə nisbətən daha çox yağıntı düşür. Bundan əlavə sahilin ayrı-ayrı hissələrində və dənizin müxtəlif rayonlarında yağıntılar qeyri-bərabər paylanmışdır

Advertisements